Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin nəticələrinin təsdiq edilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
“Müsavat Partiyası Milli Məclisə deputat seçkiləri nəticəsində formalaşacaq qanunvericilik hakimiyyətinin xalqın iradəsini əks etdirməyən qeyri-legitim parlament olacağını bildirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri haqqında yekun protokolunu təsdiq etməməyə çağırır”, Müsavat Partiyasının başqanı Arif Hacılının imzaladığı müraciətdə deyilir.
Məktubda seçki ərəfəsində ölkədə demokratik şəraitin olmaması, azad siyasi rəqabət şəraitinin yaradılmaması, siyasi məhbusların azad edilməməsi, söz, ifadə, sərbəst toplaşmaq azadlıqlarının təmin edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün qanunvericilik bazasının yaradılmaması, seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olması və başqa çoxsaylı məhdulaşdırıcı halların olması sadalanır.
Partiya seçkilərlə bağlı 8 səhifədən ibarət ilkin rəyini də Konstitusiya Məhkəməsinə təqdim edib.
“Seçki günü saysız-hesabsız qanun pozuntularına və saxtakarlıqlara yol verilib. Seçki kampaniyası dövründə yol verilən qanun pozuntuları və seçkilərin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasına, Apellyasiya və Ali Məhkəməyə verilən şikayətlər hüquqi müstəvidə araşdırılmayıb və bir qayda olaraq şikayətlərə siyasi sifariş əsasında qiymət verilib. Bəzi şikayətlərin Ali Məhkəmədə baxılma prosesi başa çatmayıb”, müraciətdə qeyd edilir.
Öz növbəsində, Mərkəzi Seçki Komissiyası (MSK) və iqtidarda olan Yeni Azərbaycan Partiyası, hökumət rəhbərləri seçkilərin azad, demoktratik və ədalətli keçirildiyini bəyan edib.
MSK seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntularının qeydə alınmadığını bildirib.