Accessibility links

Human Rights Watch-ın illik hesabatında Azərbaycan....


Human Rights Watch
Human Rights Watch

"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatı 2016-cı il insan haqları ilə bağlı illik hesabatını açıqlayıb.

Sənədin Azərbaycanla bağlı hissəsində deyilir:

"Hakimiyyətin müstəqil QHT-lərə və mediaya qarşı amansız repressiyası onları pərən-pərən salıb. Aparıcı hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlər siyasi xarakterli, ədalətsiz məhkəmə işləri ilə uzun müddətə azadlıqdan məhrum ediliblər. Onların çoxu hələ də hədə-qorxularla üzləşir, mühakimə olunur. Bir çoxları ölkəni tərk etməli olub, bir çoxlarına isə ölkədən çıxış qadağası qoyulub. İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin və xarici jurnalistlərin ölkəyə girişinə icazə verilməyib".

Hesabatda bildirilir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları hökumət tənqidçilərinin mühakimə olunmasından, tüğyan edən geniş repressiya mühitindən narahatlıqlarını ifadə etsələr də, irəliləyişin olması üçün, belə görünür, onlar konkret tədbirlər görməlidirlər. Azərbaycan iyun ayında 1-ci Avropa Oyunlarına ev sahibliyi edib. Lakin Olimpiya Xartiyasının media azadlığı və insan ləyaqəti üzrə təminatlarına hörmət etməyib.

Hökuməti tənqid edənlərin təqib olunması

bölümündə deyilir ki, hökumət tənqidçilərin səsini boğmaq üçün onlara qarşı saxta ittihamlarla cinayət işi açmaq təcrübəsini davam etdirir. Bu təcrübədən istifadə 2015-ci ildə ən yüksək həddə çatıb. Bu yolla onlarla hüquq müdafiəçisi, jurnalist, siyasi fəal və başqa tənqidçi cinayət təqibinə məruz qalıb.

Onlardan İntiqam Əliyev, hüquq müdafiəçisi Leyla Yunus və əri Arif Yunus, jurnalist Xədicə İsmayılova və insan hüquqları təbliğatçısı Rəsul Cəfərov 2015-ci ildə 6 ildən 8.5 ilədək azadlıqdan məhrum edilib.

Media Azadlığı bölümündə göstərilib ki,

2014-cü ildə saxta casusluq ittihamı ilə həbs olunmuş tanınmış jurnalist Rauf Mirqədirovun məhkəməsi başlayıb. Məhkəmə prosesi qapalı keçirilib.

2014-cü ilin dekabrında AzadlıqRadiosunun Bakı ofisinə reyd keçirilib.

Təşkilatlanma azadlığına görə isə

2014-cü ildən onlarla müstəqil QHT-nin bağlanıldığı xatırladılır. QHT-lərin Azərbaycanda fəaliyyətinin məhdudlaşdırdığı bəyan edilib.

İşgəncə və pis rəftar bölümündə

qeyd edilir ki, işgəncə və pis rəftar halları cəzasız qalmaqda davam edir. 2015-ci il avqustun 20-də Mingəçevirdə Bəhruz Hacıyev adlı şəxs polis tərəfindən saxlanılaraq sorğu-sual edildikdən az sonra polis şöbəsində ölüb. Daxili İşlər Nazirliyi bildirib ki, o özünü polis şöbəsinin pəncərəsindən atıb. Bəhruz Hacıyevin yaxınları isə onun bədənində başqa zorakılıq əlamətləri olduğunu söyləyiblər.

2014-cü ilin dekabrında Elşad Babayev adlı məhbus həbsxanada ölüb.

Seçkilər bölümündə deyilir ki,

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) hökumətin qoyduğu qadağaları əsas gətirərək, noyabrın 1-də keçirilmiş parlament seçkilərinə müşahidə missiyası göndərməkdən imtina edib. DTİHB əvvəlcədən də bildirmişdi ki, seçki ərəfəsində baş vermiş həbslər, məhkəmə prosesləri və jurnalistlərin həbsləri seçki mühitini pisləşdirib.

Hələlik hakimiyyət təmsilçiləri bu hesabatda deyilənlərə münasibət bildirməyib. Amma, bir qayda olaraq rəsmi Bakı "Human Rights Watch"un hesabatlarını, bəyanatlarını ölkəyə qarşı qərəzli kampaniya kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG