Accessibility links

İlham Əliyev: Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir


İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Əliyev palatanın üzvü olan şirkətlərin ölkədə uzun illərdir fəaliyyət göstərdiklərini və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb.

Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlət başçısı bunun ölkədə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib.

ABŞ-a uğurlu səfərini xatırladan Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayıb.

Prezident bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb.

“İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər”, o qeyd edib.

“Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir”, deyən Əliyev ölkə üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib.

O qeyd edib ki, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb.

“Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var”.

Dövlət başçısı deyib ki, Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir.

“Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq”, dövlət başçısı vurğulayıb.

Prezident Əliyev idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirib.

İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlət başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu bildirib.

Prezident İlham Əliyev hazırda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, ölkədə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirib, iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycanın tam qətiyyətli olduğunu qeyd edib.

Dövlət başçısı kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas məsələ olduğunu vurğulayıb.

Sonra ABŞ səfiri Robert Sekuta, “Ernst and Young”, “Societe Generale”, “Holcim”, “Deloitte and Touche”, “PWC”, BP şirkətlərinin nümayəndələri çıxış edərək müxtəlif təkliflər irəli sürüb.

Prezident İlham Əliyev yekunda bütün təkliflərin ümumiləşdiriləcəyini bildirib. Dövlət başçısı kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib.

Prezident maliyyə və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib.

“ASAN xidmət”in fəaliyyətinə toxunan dövlət başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırıb. “Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”, Əliyev “ASAN”ın Azərbaycan brendi olduğunu deyib.

XS
SM
MD
LG