İndicə Şəki Apellyasiya Məhkəməsindən yenidən zəng vurub dedilər ki, anlaşılmazlıq olub. İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarını sabah saat 17-də elan edəcəklər.
Bu barədə vəkil Fuad Ağayev facebook səhifəsində bildirib.
***
REAL Hərəkatının lideri İlqar Məmmədovun və Müsavat partiyasının sədr müavini Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə qərarı mayın 3-də saat 10-da elan olunacaq.
Bu barədə vəkil Fuad Ağayev facebook səhifəsində bildirib.
Xatırladaq ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtisasların təşkilində ittiham edilərək mühakimə olunublar və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Avropa İnsan Hüquqları Məhkəməsi həbs zamanı onların hüquqlarının pozulduğunu müəyyən edib və onların azadlığa buraxılması barədə qərar qəbul edib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Bundan sonra işə baxılması yubadılıb və nəhayət fevralın 25-nə təyin edilib. Lakin Penitensiar Xidmətin müttəhimləri Şəkiyə aparmaq üçün nəqliyyatı “çatışmadığından” dinləmələr baş tutmayıb.
Məhkəmə yenidən aprelin 22-nə təyin olunsa da təxirə salınmışdı.
“Beynəlxalq amnistiya” təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.