Mayın 24-də Azərbaycan Ali Məhkəməsində Fərəc və Sirac Kərimli qardaşlarının kassasiya şikayətlərinə baxılıb. Hər iki qardaş məhkəmədən bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.
Vəkil Nemət Kərimli bildirib ki, qardaşların həbsi siyasidir. Belə ki, Fərəc Kərimli Müsavat Partiyası sədrinin müavinidir. Onun qardaşı Sirac bitərəfdir, siyasətlə məşğul olmur.
"Hər iki qardaşa qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilməyib və bunun üçün əsaslar da yoxdur. Sirac Kərimli qardaşının əvəzində səhv salınaraq tutulub və istintaq orqanı əvvəlcə buraxılacağını vəd etsə də, sonra həbsdən azad etməyib", vəkil qeyd edib.
Məhkəmə Sirac Kərimlinin şikayətini təmin etməyib.
F. Kərimlinin ittiham olunduğu 234.4.3-cü maddə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) isə 234.1-ci maddəyə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop müddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) tövsif edilib və cəzası 3 ilə endirilib.
Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli və onun bitərəf qardaşı Sirac Kərimli 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə həbs edilib. F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il müddərtinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
S.Kərimli 17 mart 2016-cı ildə əvf olunub.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki qardaşı “vicdan məhbusu” elan edib.