Mayın 24-də Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərova qarşı qanunsuz dinləmə barədə Cinayət Məcəlləsinin 302-ci maddəsi (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) ilə yeni ittiham irəli sürülüb. Bu barədə vəkil Vüqar Xasayev Amerikanın Səsinə bildirib.
“Bu ittihamın (dinləmənin) Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və onun ailə üzvlərinə aidiyyatı yoxdur. Söhbət vətəndaşlardan gedir və bu da təsdiqini tapmır”, vəkil qeyd edib.
Vəli Ələsgərov nazir vəzifəsindən 2015-ci il dekabrın ortalarında azad edilib. Bu il martın 7-də həbs edilib və Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 309.1-ci (böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.
Martın 29-da Ələsgərov ev dustaqlığına buraxılıb. Ələsgərov ev dustaqlığına buraxıldıqdan sonra işgəncələrə məruz qalması, özünün və yaxın qohumlarının mülkiyyətlərinin əllərindən alınması və çoxsaylı qohumlarının vəzifələrindən azad edilməsi ilə bağlı bəyantalarını mətbuat orqanları vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırıb.
Bundan sonra mayın 14-də keçmiş nazir barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O yenidən Naxçıvan İstintaq Təcridxanasına qaytarılıb.
Vəkil iddia edir ki, mayın 24-də ittiham elan edildikdən sonra Vəli Ələsgərov Naxçıvan MR prokuroru Səbuhi Şahverdiyev tərəfindən döyülüb təhqir edildiyinə görə, ona və istintaq qrupuna, bütövlükdə Naxçıvan prokurorluğuna etiraz edilib.
“Elə həmin gün 2-3 saat ərzində Baş Prokurorun birinci müavini Rüstəm Usubov etirazı təmin etməyib. Müdafiə tərəfi hesab edir ki, 2-3 saat ərzində V.Ələsgərovun etirazının səbəblərinin araşdırılması qeyri-mümkündür və etiraz qanunsuz olaraq rədd edilib. Müstənrtiqlər isə etiraz verildikdən 2-3 saat sonra Vəli Ələsgərovun saxlandığı Naxçıvan İstintaq Təcridxanasına gələrək vəkillərin iştirakı ilə Rüstəm Usubovun qəraını elan edib. Lakin, qərarın sürəti vəkillərə təqdim edilməyib. Bu zaman V.Ələsgərov ona verilmiş həm əvvəlki, həm də yeni ittihamla bağlı vəkillərin iştirakı ilə istintaqa ifadə vermək istədiyini bildirib. İstintaq qrupunun rəhbəri Elşad Ağayev qanunvericiliyin tələblərini kobud surətdə pozaraq verilən ittihamla bağlı onun ifadəsini almaqdan imtina edib. Bununla da Ələsgərovun qanunla müəyyən edilmiş özünü müdafiə etmək hüququ kobud pozulub”, Xasayev bildirib.
Onun sözlərinə görə, mayın 24-də yeni ittiham elan edildikdən bir neçə saat sonra prokurorluq istintaqın da artıq başa çatdığını elan edib.
“Bu zaman müdafiə tərəfi ifadə alınmadan istintaqın tələsik başa çatdırılmasına etiraz bildirib. Bundan sonra isə mayın 24-də təxminən saat 17.30-da cəmi 3 cilddən ibarət olan cinayət materialları ilə tanış olmaq üçün müdafiə tərəfinə təqdim edilib. İş günü başa çatmaq üzrə idi və biz bildirdik ki, yarım saat ərzində cinayət işi ilə tanış olmaq mümkün deyil. İstintaq tərəfi dedi ki, siz lazım olan sənədlərin siyahısını təqdim edin həmin sənədlərin surətini sizə təqdim edəcəklər. Lakin indiyədək həmin sənədlərin surəti bizə təqdim edilməyib”, vəkil bildirib.
Vəkillər V.Ələsgərovla görüşmək üçün mayın 31-də yenidən Naxçıvan İstintaq Təcridxanasında olub. “7 saatdan çox gözlədik, görüş vermədilər. Yalnız ittiham aktını bizə təqdim etdilər”.
Onun sözlərinə görə, artıq cinayət işi baxılması üçün Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.