«Roma Papası Francis-in sülh çağırışı Ermənistanda edildiyindən, bu çağırışın ünvan sahibi rəsmi Yerevandır».
Ermənistana səfər edən Roma Papası Francis-in sülh çağırışını şərh edərkən Xarici İşlər Nazirliyi (XIN) mətbuat xidmətinin sözçüsü Hikmət Hacıyev belə deyib.
«Papanın bu bəyanatı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi, bununla da regionda sülhün bərqərar olunmasına çağırışdır», - H.Hacıyev bildirib.
Nazirlik sözçüsü Ermənistanın Papanın çağırışını diqqətə almalı olduğunu ifadə edib.
«Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq. Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaq».
Roma Papası Francis bu günlər Ermənistanda səfərdə olub. O, Qarabağ münaqişəsinə toxunaraq tərəfləri sülhə çağırıb. Münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib.