ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycanda səfərdədir.
ATƏT sədrinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlər üçün birgə brifinq keçirilib.
Cənab Ştaynmayer Ermənistanda da səfərdə olub və Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusudur.
Nazir Elmar Məmmədyarov bildirib ki, danışılarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə yanaşı iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlıq, nəqliyyat dəhlizi məslələri müzakirə olunub.
“Almaniya şirkətləri enerji və nəqliyyat layihələrinə maraq göstərir”.
Nazir 2017-ci ildə alman köçkünlərinin Azərbaycana gəlməsinin 200 illiyinin YUNESKO səviyyəsində qeyd ediləcəyini bildirib. Hazırda Azərbaycanda almanların yaşadığı kəndlərin bərpası istiqamətində işlər aparılır.
“Azərbaycanın Tovuz, Şəmkir, Gədəbəy, Gəncə və Göygöl yaşayış mənətəqlərinin ərazilərində almanlar da yaşayıb. İndiyədək bu ərazilərdə 4 alman kilsəsi bərpa edilib”, o qeyd edib.
Cənab Məmmədyarov danışıqlarda Avropa İttifaqı Azərbaycan münasibətlərinin də müzakirə mövzusu olduğunu deyib.
“Biz Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq layihəsini təqdim etmişik. Ümid edirik ki, bu ilin payızında bu istiqamətdə danışıqlara başlamaq üçün mandat veriləcək”.
O Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtının çatdığını bildirib.
“Münaqişənin həllini addım-addım yerindən tərpədib irəliləyişə nail olmalıyıq. Azərbaycan birmənalı şəkildə elan edib ki, Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".
Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir.
"Rusiya bizim yaxın qonşumuz və tərəfdaşımızdır".
Cənab Məmmədyarov deyib ki, rəsmi Bakı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü müsbət qiymətləndirir.
"Sankt-Peterburqda substantiv danışıqlar apardıq. Ortada bir sənəd var. Onun üzərində geniş müzakirələr aparılıb. Ümid edirik ki, müsbət nəticələr ola bilər".
ATƏT sədri bildirib ki, ATƏT Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün bütün tədbirləri görəcək, bütün alətlərdən, komponentlərdən istifadə edəcək.
Onun sözlərinə görə, aprel hadisələrindən sonra kompromislər və təkliflər daha çox lazımdır.
“İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldur və münaqişənin həllini istəyirlər. Bu məsələdə aktiv olmalıyıq. İstəyirik münaqişənin həlli istiqamətində danışıqlar aparılsın və bu, davamlı olsun. Hazırkı irəliləyişlərdən istifadə etməliyik. Yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır. Status-kvo qəbuledilməzdir, bunu gözardı etməməliyik. ATƏT-in bölgədə rolu yüksəkdir. Aprel əməliyyatları göstərdi ki, ATƏT-in rolu vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq. Çalışacağıq ki, bunun ardınca həllə nail olaq", Ştaynmayer qeyd edib.
O ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparıldığını da diqqətə çatdırıb.
“İqtisadi məsələləri müzakirə etdik. İqtisadi sahədə əlavə kritik suallarda irəliləyiş əldə edildi. Azərbaycan cənub regionunda ticarətdə güclü oyunçudur”, nazir bildirib.
Cənab Ştaynmayer bir neçə həftə sonra Azərbaycanla alman
köçkünlərinin gəlməsinin 200 illiyi ilə bağlı müzakirələr aparılacağını deyib.
“Rusiyanın münaqişənin uzanmasında maraqlı olması və tərəflərə silah satması” ilə bağlı sualın cavabında Elmar Məmmədyarov deyib ki, Azərbaycan Rusiya ilə yanaşı dünya bazarından da silah və sursat alır.
“Azərbaycan əraziləri işğala məruz qalıb, etnik təmizləmə aparılıb. Buna baxmayaraq, biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasını istəyirik. Amma, danışıqlar da danışıq xatirinə olmamalıdır”.
ATƏT sədri deyib ki, münaqişənin tezliklə həlli real deyil.
“Biz istəyirik ki, danışıqlar davam etsin. Biz hazırki situasiyadan istifadə etməliyik. Status-kvo təhlükəsizliyə qarantiya vermir və bu status-kvo dəyişməlidir”, o qeyd edib.
Azərbaycan və Ermənistan prezidnetlərinin növbəti görüşünün harada olacağı ilə bağlı sualın cavabında Məmmədyarov deyib ki, Sankt-Peterburqda prezidentylər razılaşıb ki, Rusiya xarici işlər naziri regiona səfər etsin.
“Sergey Lavrov iyulun 4-də Yerevana gedəcək, sonra Bakıya gələcək. Çox ciddi danışıqlar olacaq. Bu danışıqlardan sonra prezidentlər görüşməlidir. Müxtəlif yerlərdə görüş üçün təkliflər var. Biz prezidentlərin Parisdə görüşməsinə etiraz etmirik. Amma, danışıqlar danışıq xatirinə deyil, substantiv olmalıdır”, o bir daha xatırladıb.
Tərəflər ATƏT-in fəaliyyətinin vacibliyini qeyd edib və Məmmədyarov qurumun təhlükəsizliklə bağlı fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac olduğunu deyib.
“ATƏT xətti ilə İranla 10 il danışıqlar aparıldı və müsbət nəticəsi oldu. Bu nəticə ümid verir ki, Dağlıq Qarabağ münaqişəsi də danışıqlar yolu ilə həll edilə bilər. Hazırda ATƏT-in Cənubi Qafqazda və Avropa regionunda fəaliyyəti çox müsbətdir. Aprel döyüşləri bir daha göstərdi ki, ATƏT regionda atəşkəsi bərpa etdi”, Ştaynmayer bildirib.
Jurnalistlərin Azərbaycanda jurnalist Xədicə İsmayılın həbsdən azad olunmasının ardınca digər jurnalistlərin də azad olunacağı ehtimalı ilə bağlı sualının cavabında nazir Məmmədyarov deyib ki, Azərbaycanda tam azad media var.
“Azərbaycanda hər hansı jurnalist fəaliyyəti ilə bağlı həbs edilməyib. Mən azad medianı hər gün hiss edirəm. Hətta, bəzən jurnalistlər etik çərçivəni də ötüb keçir. Mən onların azadlığını sual altında qoymuram”, Məmmədyarov qeyd edib.
Ştaynmayer Almaniyanın Azərbaycanın enerji layihələrini, o cümlədən TAP və TANAP layihələrini dəstəklədiyini bildirib.
“Biz enerji kəmərlərinin şaxələndirilməsini dəstəkləyirik”, o bildirib.