Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. İdarənin rəis müavini Səhləb Bağırov onlarla söhbət edib.
Mitinqin bazar günü saat 17.00-dan 19.00-dək “Məhsul” stadionunda keçirilməsi planlaşdırılır.
E.Quliyev bildirib ki, polis generalı aksiya iştirakçıları tərəfindən qanunazidd hərəkətlərin yolverilməzliyi barədə təşkilatçılara xəbərdarlıq edib.
Öz növbəsində müxalifət nümayəndələri bildiriblər ki, onlar özləri mitinqin sakit durumda və qanun çərçivəsində keçirilməsində maraqlıdır.
S.Bağırov xahiş edib ki, mitinqin vaxtı 1-2 saat qabağa çəkilsin ki, qaranlıq düşənə qədər aksiya başa çatsın.
Bunun cavabında İ.İbrahimli deyib ki, artıq bunu etmək mümkün deyil, çünki qarışıqlıq yarana bilər.