Accessibility links

Avropa Şurası Azərbaycana qarşı sanksiyalar barədə xəbərdarlıq edib


İlqar Məmmədov
İlqar Məmmədov

Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 20-21-də keçirilən iclasında Azərbaycanda müxalif REAL Hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilməməsini Avropa İnsan Hüquqları və Azadlıqlarının Konvensiyasının pozulması kimi dəyərləndirib.

Bakının Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovun işi üzrə qərarını icra etməkdən imtinasını müzakirə edən Nazirlər Komitəsi qərar qəbul edib.

Qərarda deyilir ki, Məmmədovun azad edilməməsi Avropa İnsan Hüquqları Konvensiyasının AİHM qərarlarının mütləq icrasını tələb edən 46.1-ci maddəsinin (Razılığa gələn Yüksək Tərəflər məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər) pozulması deməkdir.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü olaraq yerinə yetirməyə çağırıb. Bu zaman hökumətin Nazirlər Komitəsinə Məmmədovun işi üzrə məlumat verməkdən imtina etməsi ilə bağlı narahatlıq ifadə olunub.

Komitə Azərbaycan Ali Məhkəməsinin səmərəli müddətdə Məmmədovun şikayətinə baxacağına ümid edir, deyə qərarda bildirilir.

Qərarı şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, Nazirlər Komitəsi ilk dəfə olaraq Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə istinad edir.

Bu maddənin 4-cü bəndinə əsasən, AİHM-nin qərarlarının icrasından yayınan ölkə sanksiyalara məruz qala bilər. Başqa sözlə, Nazirlər Komitəsi AİHM-nin qərarı icra edilmədiyi təqdirdə Azərbaycana qarşı sanksiyalar tətbiq edilə biləcəyinə işarə edir.

“ReAl” hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşları təşkil etmək ittihamı ilə həbs və 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsinin və mühakiməsinin qanunsuz və azad edilməli olduğu barədə qərar qəbul edib. Nazirlər Komitəsi və şəxsən AŞ baş katibi dəfələrlə analoji tələblə çıxış edib. Buna baxmayaraq, rəsmi Bakı İlqar Məmmədovu həbsdə saxlamaqda davam edir.

XS
SM
MD
LG