Accessibility links

“Rabitə işi” məhkəməsində Beytulla Hüseynov: Nazir xərclərin 20-25 faiz şişirdilməsi üçün göstəriş vermişdi


 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Məhkəmə prosesi noyabrın 30-dək kimi təxirə salınıb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır. İttiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov 4 milyon manat mənimsəməkdə təqsirli bilinir.

“Rabitə işi” kimi tanınan məhkəmənin bugünkü iclasında dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktının elan olunmasını başa çatdırıb.

"Azintelekom" MMC-nin baş direktoru Cəlil Cəfərov, "Optik Rabitə və Tikinti Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov və "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qənbər Bəybalayev özlərini təqsirli bilmədiklərini bildirib.

Rabitə və Yükəsk Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun vəkil Ceyhun Yusifov müdafiə etdiyi şəxsin digər təqsirləndirilənlər ifadə verdikdən sonra dindirilməsini məhkəmədən xahiş edib.

BTRİB-nin keçmiş rəhbəri Beytulla Hüseynov məhkəməyə sərbəst ifadə verib. Hüseynov 10 milyon manatlıq vəsaiti mənimsəməkdə ittiham olunur. O, RYTN-i tərəfindən verilən göstərişləri yerinə yetirdiyini və dövlətə vurduğu ziyanı ödəməyə hazır olduğunu deyib.

"İttihamda xərclərlə bağlı rəqəmlər şişirdilib. 2005-ci ildə 24 milyon 2015-ci ildə 87 milyon olub. Az qala 400 faiz artım olub. Mən icraçı adamam. Mənə nazir göstəriş vermişdi ki, xərclər 20-25 faiz şişirdilsin. Bundan əldə olunan vəsaitin də 80 faizi nazirliyə verilib, 20 faizi BTRİB də qalıb. Həmin 20 faizin də 6 faizi qovşaqlara verilib, 4 faizi paket maaşlara xərclənib. 10 faizi isə mənə qalıb. 80 faizin nazirliyə verilməsi barədə Əli Abbasovun ifadəsində də var. Nazirlik göstərişi mənə verib, mən də qovşaq rəhbərlərinə", o qeyd edib.

Dövlət ittihamçısının sualına cavabda Beytulla Hüseynov göstərişləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən aldığını bir daha təsdiq edib.

Prokurorun tapşırıqları konkret kimdən alması ilə bağlı suala cavabda o, ad çəkmək istəmədiyini bildirib.

“Mən dövlət sirrini qorumağa çalışıram", o qeyd edib.

Hüseynov mənimsəmə ilə bağlı ittihamı qəbul etdiyini və onu ödəməyə hazır olduğunu deyib.

Məhkəmə prosesi noyabrın 30-dək kimi təxirə salınıb.

XS
SM
MD
LG