Accessibility links

Avropa Məhkəməsi iki şikayət üzrə kommunikasiyaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Kommunikasiya Yehova şahidləri icmasının üzvüləri və Xaləddin Soltanovun şikayəti üzrə başlanıb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha 2 iş üzrə kommunikasiyaya başlayıb.

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

Azərbaycana qarşı iş üzrə hər iki ərizəçi - Müşfiq Məmmədov və Samir Hüseynov Yehova şahidləri icmasının üzvü olub və hərbi xidmətə getməkdən yayınmalarına görə barələrində cinayət işi açılıb.

İkinci ərizəçi 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Birinci ərizəçidə fərqli xüsusat ondan ibarət olub ki, o, yerli məhkəmələr tərəfindən 6 ay müddətinə azadıqdan məhrumetmə cəzasına məhkum edilib və bir müddət sonra yenidən hərbi xidmətdən yayınmaya görə ona qarşı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə 250 manat cərimə cəzasına məhkum edilib.

Avropa Məhkəməsi Azərbaycan hökümətinə Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi (Fikir, vocdan və din azadlığı) və əlavə olaraq 1-ci ərizəçiyə münasibətdə Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin (eyni əmələ görə iki dəfə cəzalandırılmama) pozuntusunun olub olmaması ilə bağlı suallar ünvanlayıb.

Digər kommunikasiya isə Xaləddin Soltanovun şikayəti üzrə başlanılıb. O, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə özəl şirkətdən işdən azad olunduqdan sonra işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edib. Bakının Səbael rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Ali Məhkəmədə onun vəkili qismində N.Abbasov iştirak edib. Məhkəmə aşağı instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya Məhkəməsi ərizəçinin xeyrinə qərar çıxarıb. Bu dəfə şirkət kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılan zaman hakimlər ərizəçinin vəkili N. Abbasova zalı tərk etməyi tələb ediblər, çünki onun ərizəçini təmsil etmək üçün yeni orderi olmayıb. Məhkəmə ərizəçini vəkili olmadığından dinləməyib. Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edərək belə nəticəyə gəlib ki, onun işdən azad edilməsi qanuni olub.

Avropa Məhkəməsi ərizəçinin vəkilinin Ali Məhkəmədə iştirak etməməsi ilə bağlı Konvensiyanın 6.1-ci maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) pozuntusunun baş verib-verməməsi ilə bağlı hökümətə sual ünvanlayıb.

XS
SM
MD
LG