Accessibility links

Elçin İsmayıllının barəsində istintaq “Gülən işi” çərçivəsində olacaq


Elçin İsmayıllı
Elçin İsmayıllı

Martın 3-də Nəsimi Rayon Məhkəməsi jurnalist Elçin İsmayıllının məhkəməyə qədər həbs müddətinin artırılması ilə bağlı prokurorluğun vəsatətinə baxıb. Məhkəmə jurnalistin həbs müddətini artırıb.

Jurnalistin vəkili Elçin Sadıqov məhkəmədə bildirib ki, E.İsmayıllının məhkəməyə qədər həbsdə saxlanması üçün yetərli əsaslar yoxdur.

“O, jurnalistdir, ictimai şəxsdir. İstintaqdan yayınacağına dair yetərli əsaslar da yoxdur” deyən vəkil məhkəmədən prokurorluğun vəsatətini rədd etməyi xahiş edib. Ancaq məhkəmə vəkilin arumentlərini əsaslı hesab etməyib.

Hakim Şəlalə Həsənova E.İsmayıllının həbs müddətini iyunun 12-dək uzadıb.

Xatirladaq ki, İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanılıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Vəkil deyib ki, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşı haqqında məlumat yayacağı ilə bağlı pul tələb etməkdə günahlandırılır.

Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsasında həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçini İsmayıllını həbs ediblər", - vəkil jurnalist həbs olunarkən bildirmişdi.

AXCP-nin iki üzvü - Fuad Əhmədli və Faiq Əmirlinin də həbs müddəti də iyunun 12-dək uzadılıb. Onlar “Gülən işi” üzrə keçirlər. E.İsmayıllıya qarşı istintaq bu işlə bir icraatda birləşdirilib.

İstintaq E.İsmayılıının bu işə nə aidiyyatının olduğunu açıqlamır.

“Onların hər üçü müxtəlif maddələr üzrə ittiham olunur. Onları ancaq AXCP-yə üzvlük birləşdirir”, - vəkil Əsabəli Mustafayev Turan-a bildirib.

XS
SM
MD
LG