Accessibility links

Saxta pul hazırlayanlar saxlanılıb


Daxili işlər orqanları saxta pul hazırlayanları saxlayıb.

DİN mətbuat xidmətinin məlumatına görə, Xətai Rayon Polis İdarəsi (RPİ) keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.

Onların üzərinə baxış zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar, o cümlədən 0,439 qram heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər öz ifadələrində saxta əskinasları onlara Vüsal adlı şəxsin satmaq məqsədilə verdiyini bildiriblər.

Xətai RPİ əməkdaşları Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüsal Cümşüdovu saxlayıb. Onun yaşadığı mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əskinaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədilə hazırladıqlarını etiraf ediblər.

Faktla bağlı Xətai RPİ-də cinayət işi başlayıb, araşdırmalar davam edir.

XS
SM
MD
LG