Accessibility links

Prokuror Vidadi Zeynalova 14 il həbs cəzası istəyib


Məhkəmə mayın 24-də davam etdiriləcək

Mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalova prokuror 14 il həbs cəzası istəyib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Fərid Nağıyev xahişlə çıxış edib.

Prokuror "Rabitə işi" üzrə təqsirləndirilən digər şəxslərdən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynova 15 il, bu qurumun keçmiş baş mühasibi Anar Mustafayevə 8 il, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə 10 il, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin rəhbəri Emin Məmmədova 12, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədova isə 12 il cəza istəyib.

Prokuror daha beş nəfər təqsirləndirilən şəxsin hər birinə 5 il 11 ay 11 gün cəza istəyib. Eyni zamanda, onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini məqsədəuyğun sayıb və 3 il şərti cəza ilə həbsdən buraxılmalarını təklif edib. Söhbət "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərin direktoru Bayram Vəliyev, "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov və "Optik Qurğular" İdarəsinin keçmiş baş mühasibi Səhrab Hümmətovdan gedir.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyanın ödənilməsinə yönəldilməsi təmin edilsin.

Proses mayın 24-də davam etdiriləcək.

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG