Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının haqqında həbs qərarından sonra həm yaşadığı, həm də qeydiyyatda olduğu evdə axtarış aparılıb.
Bu barədəG.Bayramlının yaxınları məlumat verib.
Mayın 27-də səhər saatlarında aparılan axtarış zamanı mənzilin mülkiyyət çıxarışı və başqa sənədlər götürülüb.
Gözəl Bayramlının vəkili Elçin Sadıqov məhkəmənin həbs-qətimkan tədbiri qərarından sonra nə qədər çalışsa da, onunla görüşə bilməyib.
Vəkil deyib ki, mayın 27-də haqqında həbs qərarı verilənlərin müvəqqəti saxlanıldığı Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına və Səbail Rayon Polis İdarəsinə baş çəkib. Amma Gözəl Bayramlının orada olmadığı bildirilib. Daha sonra məlumat alıb ki, Gözəl Bayramlı Xətai rayonu, 37-ci polis bölməsinin müvəqqəti saxlama yerindədir. Oradan isə Elçin Sadıqova deyilib ki, Gözəl Bayramlı mayın 26-da məhkəmənin qərarından sonra gecə saatlarında gətirilib. Lakin mayın 27-də səhər saat 10 radələrində Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Elçin Sadıqov bildirib ki, Gözəl Bayramlı ilə yalnız mayın 29-da görüşə biləcək. Çünki o vaxta qədər həftə sonu və bayram günü olduğundan Kürdəxanı təcridxanasındakı məhbuslarla görüşmək mümkün deyil.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax rayonundakı Şıxlı sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, onun əl çantasından bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu səbəbdən də barəsində CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-da gecə saat 23.30 radələrində Səbail Rayon Məhkəməsində Gözəl Bayramlı haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Gözəl Bayramlı isə ittihamı rədd edir. Bildirir ki, siyasi fəaliyyətinə görə həbs olunub. Tapıldığı iddia olunan pulu da çantasına sərhəd-buraxılış məntəqəsinin əməkdaşları atıb.