İyunun 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Ilqar Murquzovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmasına dair Səbael Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. İstintaq Gözəl Bayramlının istintaqdan gizlənə biləcəyini, şahidlərə təsir etmək ehtimalının olduğunu bildirərək şikayətin təmin olunmamasını istəyib.
"Biz xahiş etmişdik ki, xəstəliyi ilə bağlı o, ev dustaqlığına buraxılsın. Gözəl xanımda artroz xəstəliyi var (oynaq xəstəliyi). Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur). Gözəl Bayramlı düz 3 dəfə əməliyyat olunub. Təəssüf ki, məhkəmə bizim yox, ittiham tərəfinin dediklərini əsas götürdü", vəkil Zübeydə Sadıqova bildirib.
Vəkil deyib ki, G.Bayramlı prosesdə iştirak edirdi. O, vəkili ilə görüşə aparılmamasına və dərmanlarının ona verilməməsinə etirazını bildirib:
"İttiham tərəfi isə bildirir ki, Gözəl Bayramlının evində axtarış zamanı götürülən bütün xəstəxana tarixçələri və sənədlər ekspertizaya verilib. Ekspertizanın rəyi olmadan, ona hələ ki, dərmanı verməyi düzgün saymırlar", vəkil qeyd edib.
Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbael rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.