Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Gürcüstan Dəmir Yolunun baş direktoru Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş çərçivəsində Azərbaycanla İran arasında imzalanıb.
Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.
Mərasimdə C.Qurbanov və S.Məhəmmədzadə çıxış edərək bildiriblər ki, bu layihə hər iki ölkə ərazisində dəmir yolu əlaqələrinin, həmçinin ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda yüklərin bu istiqamətə axınına təkan verəcək.
Üçtərəfli görüşdə həmçinin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub.
Ötən ilin 20 aprelində Azərbaycan ilə İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi olub. Artıq Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.