Accessibility links

Ali məhkəmə də Bayram Məmmədovu azad etmədi


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

B.Məmmədov özü məhkəmədə iştirak etməyib

İyunun 20-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə gənc fəal Bayram Məmmədovun hökmündən verilən kassasiya şikayətinə baxılıb.

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan B.Məmmədov özü məhkəmədə iştirak etməyib.

Gənc fəalın vəkili Elçin Sadıqov məhkəmədə çıxışında B.Məmmədov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Vəkil deyir ki, B.Məmmədov saxlanılarkən onun müdafiə hüququ kobud şəkildə pozulub. İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə edib.

Vəkilin arqumentlərinə baxmayaraq, hakimlər kollegiyası şikayəti təmin etməyib, B.Məmmədovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

XS
SM
MD
LG