Accessibility links

Vəkil Elçin Sadıqov müvəkkili, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Qiyas İbrahimova qarşı işgəncə iddialarının araşdırılması üçün iyulun 10-da baş prokuror Zakir Qaralova müraciət edib.

Bu barədə Azadlıq Radiosuna vəkilin özü məlumat verib.

O, baş prokurordan gənc fəalın işgəncəyə məruz qalması ilə əlaqədar araşdırma aparılmasını, işgəncə iddiasında adları hallanan şəxslər barəsində cinayət işi başladılmasını xahiş edir.

“Baş prokurorluq qarşısında 2 Saylı Cəzaçəkmə Müəssisəsindən işgəncə hallarının baş verdiyi günlərə aid videokamera görüntülərinin alınması barədə vəsatət də qaldırmışıq”, vəkil bildirib.

Elçin Sadıqov həmçinin işgəncə iddialarının araşdırılması üçün ombudsman Elmira Süleymanovaya da müraciət edib.

Ötən həftə Qiyas İbrahimovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması barədə anası açıqlama vermişdi. Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti deyilənləri təkzib etmişdi.

Ardınca Qiyas İbrahimovla həbsxanada görüşən vəkili onun həyatının təhlükədə olduğunu bildirmişdi.

İyulun 10-da Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə Qiyas İbrahimovun məsələsiylə maraqlandıqlarını deyib.

“Qiyas İbrahimovun məsələsiylə, yəni, saxlanma durumu və ona qarşı rəftarla bağlı təcridaxanada saxlandığı dövrdən maraqlanırıq və bu, indi də davam edir”, Ombudsman Aparatının əməkdaşı Rəşid Rumzadə bildirib.

Amma o, Qiyas İbrahimova saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilməsiylə bağlı ittihamları araşdırmaq üçün həbsxanaya gedib-getməyəcəkləri haqda konkret heç nə söyləməyib.

Ombudsman Aparatının rəsmisi “Biz bu məsələ ilə maraqlanacağıq” deməklə kifayətlənib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG