Accessibility links

Gözəl Bayramlının səhhəti pisləşib


AXCP sədrinin müavini həbsini siyasi sifariş hesab edir

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Gözəl Bayramlıda osteoartrit xəstəliyi kəskinləşib.

Bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.

İyulun 17-də o, təcridxanada G.Bayramlıya baş çəkib.

"Gözəl Bayramlı osteoartrit (oynaq xəstəliyi) xəstəliyindən əziyyət çəkir. Artıq dizində iltihab yaranıb, ayağını qatlaya bilmir. Bu səbəbdən çətinliklə yeriyir", Z.Sadıqova Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, G.Bayramlı təcridxanada effektiv müalicə almır.

"Gözəl Bayramlı dəhşətli ağrılarının olduğunu deyir. Həkimlər isə ancaq ağrıkəsici kimi "diklofenak" iynəsi vururlar", vəkil bildirib.

Onun sözlərinə görə, G.Bayramlıya telefonla danışmağa icazə verilmir.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbayel Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib.

Rəsmi məlumatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib. Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyalarının arasına qoyub və onun həbsi siyasi xarakter daşıyır.

XS
SM
MD
LG