Accessibility links

Milli Şura: Baş Prokurorluq cinayət işi başlamalıdır


Milli Şura mitinq keçirib
Milli Şura mitinq keçirib

Milli Şura xalqdan oğurlanmış milyardlarla dollarlıq vəsaitin xalqa qaytarılması, cinayətkarların cəzalandırılması üçün konstitusiyanın verdiyi bütün hüquqlardan istifadə edəcək. Bu barədə Milli Şuranın Azərbaycandan 2012-2014-cü illərdə bir neçə milyard dollar vəsaitin ofşor zonalaradakı şirkətlərin hesabına köçürülməsi barədə araşdırma məqaləsi ilə bağlı bəyanatında deyilir.

Mütəşəkkil cinayətkarlıq və korrupsiya faktlarını araşdıran beynəlxalq jurnalistlər qrupunun apardığı və “The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, Azərbaycanın Beynəlxalq Bankı vasitəsi ilə 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb. Məqalədə iddia olunur ki, hətta Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyi də Londondakı saxta şirkətlərə pul göndərib. Bununla yanaşı, Azərbaycanın silah aldığı Rusiyanın “Rosoboroneksport” şirkəti də ofşor zonadakı şirkətlərə milyonlarla dollar pul köçürüb.

Milli Şura təəssüf edir ki, Avropada öz dəyərlərinə, demokratiya və insan haqlarına hörmətlə yanaşan jurnalistlər, ictimaiyyət nümayəndələri və siyasətçilərlə yanaşı, demokratiyaya xəyanət edən, avtoritar rejimlərə və diktatorlara muzdla xidmət göstərən, siyasətçi, dövlət və ictimaiyyət xadimləri mövcuddur.

“Azərbaycan xalqı belələrinin ucbatından çox ziyan çəkib. Azərbaycan hakimiyyəti bir qayda olaraq seçkiləri saxtalaşdırandan sonra məhz indi üzə çıxarılan sxemə bənzər üsullarla, maddi maraq müqabilində ölkəyə gətirdiyi avropalı siyasətçilərdən saxta seçkilərə müsbət qiymətlər alıb. Bu isə Azərbaycan xalqında ciddi məyusluq yaradıb və qərbin öz dəyərlərinə sədaqətinə, ümumilikdə demokratiyaya inamını sarsıdıb”.

Milli Şura hesab edir ki, üzə çıxarılan faktlar müvafiq Avropa strukturlarında ciddi araşdırılmalıdır.

“İlk növbədə Böyük Britaniyada qeydiyyatdan keçmiş və Azərbaycanın hakim ailəsinə məxsusluğu ehtimal edilən 4 ofşor şirkətin təsisçiləri ictimaiyyət üçün açıqlanmalıdır. Onların adlarının gizli saxlanması korrupsionerlərin dövlət səviyyəsində hələ də himayə olunduğu anlamına gələr. Araşdırmada adı keçən, Azərbaycandakı hakim rejimdən rüşvət almış avropalı siyasətçilərin hər birinin əməlinə müvafiq prokurorluq orqanları hüquqi qiymət verməlidir. Onlar rüşvət alaraq Azərbaycan xalqına vurduqları zərərə görə həbslə nəticələnən məsuliyyət daşımalıdırlar. Əks təqdirdə onların əməllərinə görə məsuliyyəti bütövlükdə Avropa strukturları bölüşmüş olacaq. Avropa Şurası bu məsələlərdə daha çox adı çəkilən təsisat olaraq təcili şəkildə prinsipial araşdırmalar aparmalı və Azərbaycandakı saxta seçkilərə müsbət qiymətlər vermiş, Azərbaycan hakimiyyətindən pul almış təmsilçilərini ciddi cəzalandırmalı, onları qurumdan xaric etməlidir”, bəynatada tələb edilir.

Milli Şura hesab edir ki, Avropa Parlamentinin aşkarlanmış korrupsiya faktına ciddi siyasi qiymət verməsi və xüsusi qətnamə ilə Avropa Birliyi strukturlarına Azərbaycan rəhbərliyi və Avropa rəsmiləri arasında aşkarlanmış və hələ də aşkarlanbmamış korrupsiya əlaqələrini araşdırmağı tapşırması son dərəcə vacibdir.

“Azərbaycan xalqına qarşı cinayətdə iştirak etmiş heç kim məsuliyyətdən kənarda qalmamalıdır”.

Milli Şura Azərbaycanın Baş Prokurorluöundan baş vermiş cinayət hadisəsi ilə bağlı cinayət işi başlamağı tələb edir.

“Kimliyindən asılı olmayaraq xalq malını talan edən vəzifəli şəxslər qanun qarşısında məsuliyyət daşımalı, xalqdan oğurlanmış milyardlar müsadirə olunaraq dövlət büdcəsinə qaytarılmalıdır”, sənəddə qeyd edilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov yerli mediaya bildiriib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

“Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu, tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar. Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır”, mətbaut katibi qeyd edib.

Bununla yanaşı, rəsmi şxəslər məqalərədə göstərilən bank hesabları və bu hesablara köçürülən məbləğlərərin mənbəyinə aydınlıq gətirməyib.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG