Accessibility links

Elmar Məmmədyarov İtaliya xarici işlər naziri ilə görüşüb


Elmar Məmmədyarov və Angelino Alfano
Elmar Məmmədyarov və Angelino Alfano

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 24-25 oktyabrda Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyədə olduğu bildirilib.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırıb.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd edib. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğulayıb.

Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişada olduğu bildirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.

Angelino Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini deyib.

Görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətləri nəzərdən keçirilib, İtaliyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırıb.

XS
SM
MD
LG