İrandan Azərbaycana daxil olan yük maşınında qumbara aşkarlanıb.
Bu barədə noyabrın 13-də Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
"Yoxlama zamanı Azərbaycan vətəndaşı Əkbərağa Həşimovun idarə etdiyi "Kamaz" markalı nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı 1 ədəd əl qumbarası aşkar edilib", məlumatda vurğulanır.
Faktla bağlı araşdırma getdiyi deyilir.
DGK-nin bu açıqlamasına hələlik Ə.Həşimovun vəkili və ya yaxınlarının münasibətini almaq mümkün olmayıb. İttihamın qəbul edilib-edilmədiyi məlum deyil.