Noyabrın 30-da Azərbaycan Ali Məhkəməsi NİDA Hərəkatının fəalı, 10 il azadlıqdan məhrum edilmiş Qiyas İbrahimovun barəsində hökmü qüvvədə saxlayıb.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, Q.İbrahimov kassasiya şikayətinə baxılması prosesində "öz istəyilə iştirak etməyib".
Z.Sadıqovanın sözlərinə görə, Q.İbrahimovun nə özündə, nə də evdə narkotik maddə olmayıb, bunu onun üzərinə qoyublar. Həbsin əsl səbəbi Q.İbrahimovun Heydər Əliyevin abidəsinə siyasi şüar yazmasıdır.
Vəkil diqqəti ona yönəldib ki, Q.İbrahimov həbsdən sonra işgəncələrə məruz qalıb və ilkin ifadəni işgəncə altında verib.
Saxlanma zamanı Q.İbrahimovun hüquqları pozulub, seçim üzrə vəkil dəvət etməsinə imkan verilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb, Bakı Apellyasiya Məhkəməsi isə təkrar məhkəmə istintaqı aparmaqdan imtina edib.
Müdafiə tərəfi Ali Məhkəmədən xahiş edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etsin və bəraətverici əsaslarıa cinayət işinə xitam versin. Qısa məşvərətdən sonra məhkəmə hökmü qüvvədə saxlayıb.
Müdafiə tərəfi hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Strasburq məhkəməsinə Q.İbrahimovun həbsindən və ona qarşı işgəncələrdən şikayət göndərilib.
2016-cı il mayın 10-da NİDA Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək 10 il azadlıqdan məhrum ediblər.
"Amnesty International" təşkilatı onları vicdan məhbusları adlandırıb. Təşkilat ittihamın saxtalaşdırıldığını hesab edir.
Hakimiyyət nümayəndələri onları siyasi məhbus hesab etməyərək "konkret cinayət əməli"nə görə həbs olunduqlarını bildirirlər.