Bakının Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçmiş deputat Qalib Salahzadənin həbsdə olan oğlu Əlihüseyn Salahzadənin məhkəməsi yekunlaşıb.
Dövlət itthamıçısı dekabrın 14-də məhkəmə istintaqının yekunlaşması barədə qərardan sonra dövlət ittihamçısı çıxış edib.
Azadlıq Radiosunun məlumatına görə dövlət ittihamçısı deyib ki, Ə.Salahzadəyə Cinayət Məcəlləsinin 315.2 (xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə verilmiş ittiham məhkəmədə təsdiqini tapıb. Prokurorun sözlərinə görə, onun «Azərsu» ASC-nin işçisi Elbəy Mirzəliyevi döydüyü sübuta yetirilib.
Dövlət ittihamçısı buna görə Ə.Salahzadənin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Qaydaya görə, dövlət ittihamçısından sonra müdafiə tərəfi çıxış etməlidir. Hakim Salahzadənin vəkilinə çıxışa hazırlaşmaq üçün dekabrın 20-nə qədər vaxt verib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bu günlərdə Ə.Salahzadə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham olunur.
Ə.Salahzadə «Azərsu» ASC-nin əməkdaşını döyməkdə təqsirləndirilir.
Ancaq onun yaxınları ittihamı qəbul etmirlər. Ə.Salahzadə Milli Məclisin keçmiş deputatı Qalib Salahzadənin oğludur.