Accessibility links

Vəkil İlqar Məmmədova sənədlərin çatrdırılmasına imkan verilmədiyini deyir


İlqar Məmmədov

Səbəb həmin məktubların ingilis dilində olmasıdır

Dekabrın 29-da vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatinin lideri İlqar Məmmədovla görüşüb.

Azadlıq radiosunun məlumatına görə, görüşdə məqsəd Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) məktublarını İ.Məmmədova çatdırmaq olub.

Vəkil qeyd edib ki, sənədlərin İlqar Məmmədova çatrdırılmasına imkan verilməyib.

Səbəb həmin məktubların ingilis dilində olmasıdır.

«Bunların deməyindən belə çıxır ki, mən Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Şurası Nazirlər Komitəsinə deməliyəm ki, sənədi mənə görə Azərbaycan dilində hazırlayın».

F.Ağayev baş verənləri təkcə İ.Məmmədova yox, həm də vəkil olaraq özünə təzyiq kimi dəyərləndirib.

Vəkil deyib ki, İ.Məmmədovun səhhəti ilə bağlı isə hər hansı şikayəti yoxdur.

Vəkilin bu açıqlamasına 2 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən hələlik münasibət almaq mümkün olmayıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Şəhərə asayiş bərpa olunduqdan sonra getməsinə baxmayaraq, İ.Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbs edilməsi və həbsdə saxlanılması Avropa konvensiyasının bir çox müddəasının pozulması ilə müşayiət edilib və onun azadlığa buraxılmasını tələb edib.AŞNK oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Əsasən məhkəmə göstərib ki, müxalifətçinin təqib olunmasında və saxlanmasında məqsəd onu susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.

XS
SM
MD
LG