Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən azad edilib.
Bu barədə dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədov qərar çıxarıb.
Qərara əsasən, R.Qazıyevə verilmiş 10 sutka inzibati həbs cəzası 100 manat cərimə ilə əvəzlənib. Onun həbsdə saxlandığı hər gün 20 manatdan hesablanıb və pul cəzasından da azad edilib.
Rəhim Qazıyev dekabrın 25-də günorta saatlarında Bakıda Nəriman Nərimanov metro stansiyasının qarşısındakı parkda polis tərəfindən saxlanılıb.
Hüquq müdafiəçiləri Rəhim Qazıyevin saxlanılmasının onun Kanal 13 İnternet televiziyasında yayılan müsahibəsində prezident İlham Əliyev və onun atası mərhun prezident Heydər Əliyevin ünvanına işlətdiyi kəskin tənqidlərdən bir gün sonraya təsadüf etdiyini bildirir.
Bununla yanaşı, hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.
Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə o, əfv fərmanı ilə azadlığa buraxılıb.