Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.
İlham Əliyev bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkədə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olunub.
Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı bütün islam şərqində ilk respublika qurub.
1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.
Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.
Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.