Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi ətraflı müzakirə edilib.
Xatırladaq ki, elə bu gün Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Həmsədrlər dünən Krakovda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşüblər.
Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi etməni tərəfi Dağlıq Qarabağı və regiona bitişik 7 rayonu Ermənistanın nəzarətinə keçib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.