Accessibility links

Vəkil Baş Prokurorluğa qarşı iddia qaldırıb


Yalçın İmanov
Yalçın İmanov

Vəkil Yalçın İmanov Baş Prokurorluğu məhkəməyə verib.

Səbəb onun hüquqlarını müdafiə etdiyi şəxslərə işgəncə verilməsi haqda prokurorluğa göndərdiyi müraciətə 10 ay ərzində cavab ala bilməməsi, çıxarılan qərarların ona verilməməsidir.

İddia ərizəsi martın 27-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Aqil İsmayılov və Bəhruz Əsgərovun (hər ikisi Nardaran hadisələrində həbs olunub-red.) işgəncələrə məruz qalması, ləyaqətlərinin alçaldılması haqda şikayətləriylə əlaqədar 2017-ci il iyunun 10-da Baş Prokurorluğa məktubla müraciət edib. Amma bu günə qədər prokurorluqdan heç bir cavab almayıb.

“Sonradan şifahi şəkildə mənə dedilər ki, araşdırma aparılıb və cinayət işinin başlanması rədd olunub, prokurorluğa yazılı şəkildə müraciət edib qərarların surətini ala bilərəm. Oktyabrın 20-də Baş prokuror Zakir Qaralova yazılı qaydada müraciət edib qərarların surətini istəmişəm. Nəticəsi olmadığına görə dekabrın 25-də bir daha Qaralova məktub göndərmişəm. Yenə də heç bir nəticə yoxdur. Bu gün işi aparan prokurorlar heç bir əsas olmadan qərarı verməkdən imtina ediblər.

Baş Prokurorluğun daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov isə "sənin vəkillik fəaliyyətin dayandırılıb, ona görə də qərarlar sənə verilməyəcək" dedi”, vəkil bildirib.

Yalçın İmanov qərarların ona verilməməsini qanunsuz hesab edir.

“Vəkillik fəaliyyətimə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olana qədər vəkil hesab edilirəm. Üstəlik, vəkillik fəaliyyətimin dayandırılması müştərilərim qarşısında öhdəliyimi aradan qaldırmır. Mən Avropa Məhkəməsində həmin şəxsləri təmsil edirəm”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.

Yalçın İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına və Qobustan həbsxanasında müvəkkilinin üzərində gördüyü xəsarətlərə əsaslanaraq mətbuata açıqlamasında onun işgəncəyə məruz qalmasından danışıb.

Beynəlxalq Vəkillər Assosiasiyası İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkilin kənarlaşdırılmasını pisləyib və hakimiyyəti onun hüquqlarını təmin etməyə çağırıb.

XS
SM
MD
LG