Accessibility links

İraq məhkəməsi 6 azərbaycanlı qadına ömürlük həbs verib


Aprelin 29-da İraqda 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib

Bu barədə “Al Quds Al Arabi” (http://www.alquds.co.uk/?p=925615) məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 29-da Bağdad Mərkəzi Cinayət Məhkəməsində İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan 29 xarici vətəndaşın işinə baxılıb. Qadınlar iclasa uşaqları ilə birlikdə gəliblər. Azərbaycanlılarla yanaşı, 19 Rusiya vətəndaşı və 4 Tacikistan vətəndaşı ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmədə qadınlar öz istəkləri ilə deyil, terror təşkilatına qoşulmuş həyat yoldaşları tərəfindən İraqa gətirildiklərini deyiblər. Onlar Telafer şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı peşmərgəyə təslim olublar.

Məlumatda deyilir ki, İraq rəsmi orqanları İraq qüvvələrinin hücumları zamanı tutulan cihadçıların sayı barədə rəsmi açıqlama yaymayıb.

Azərbaycanın rəsmi orqanları İraqda azərbaycanlı qadınların ömürlük həbsi ilə bağlı məlumata hələ münasibət bildirməyib.

Eyni zamanda bu il aprelin 5-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının konfransında İraq rəsmisi ölkəsində azərbaycanlı qadınların olması barədə məlumat verib.

2017-ci ilin sonlarında İraqın “İraq-Şam İslam Dövləti” adlı qruplaşmadan təmizlənən ərazilərində azərbaycanlı uşaqlar tapılmışdı, həmin uşaqlardan biri olan Abdulla Azərbaycana gətirilib.

XS
SM
MD
LG