Accessibility links

AŞPA prezidenti korrupsiya qalmaqalına görə “dərhal və qətiyyətlə” hərəkət etməyə çağırılır


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

İki həftə öncə açıqlanmış korrupsiya hesabatı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq üçün rüşvət aldığını üzə çıxarıb. Avropa hökumətləri hesabatda adı hallanan millət vəkillərinə qarşı sanksiyalar tələb edir.

The New York Times qəzetindəki məqalədə yazılır ki, Danimarka xarici işlər naziri və Şuranın Nazirlər Komitəsinin sədri Anders Samuelsen mayın 4-də AŞPA prezidenti Mikele Nikolettiyə bu haqda məktub göndərib.

Məktub müəllifi korrupsiya qalmaqalını “çox narahatedici” adlandırıb, AŞPA-nı “dərhal və qətiyyətlə” hərəkət etməyə çağırıb.

Deputatların keçmiş prezidenti Pedro Aqramunt və İspaniyanın konservativ idarəçiliyində senator olan millət vəkilləri neftə zəngin Azərbaycan ərazisində pul, zərgərlik, fahişəlik və ödənişli mehmanxanalarda qalmaqda ittiham olunurlar.

The New York Times-ın əməkdaşı məktubu görüb. Cənab Samuelsen AŞPA-nın hesabatında adları çəkilən rəsmilərin cəzalandırılmasını niyə yubatdığını sual edir.

“Azsaylı deputatın diqqəti həmin hesabatdan sapdırmağa çalışması sarıdan narahatlığa əsas var”, yazan Samuelson xəbərdarlıq edir ki, AŞPA dərhal tədbir görməsə, Avropa nazirləri “uyğun addımları nəzərdən keçirəcək”.

Müəllifin fikrincə, bu qalmaqal Avropa Şurasının nüfuzundan ötrü ən böyük sınaqlardan biridir. Onsuz da Azərbaycanın bu quruma üzvlüyündən necə istifadə etməsiylə bağlı narahatlıq var. Hələ 2012-ci ildə Berlində mənzillənən Avropa Sabitlik Təşəbbüsü Azərbaycan hökumətinə bağlı rəsmilərin və lobbiçilərin assambleyanın siyasətinə qanunsuz yolla necə təsir etdiyini araşdırmışdı.

Hazırlanmış hesabat “Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu” adlanırdı. Ancaq onda hakimiyyət təmsilçiləri bu iddiaları təkzib etdi.

Samuelsen məktubunda Aqramuntun işinə xüsusilə toxunur.

Pedro Agramunt amerikalı maliyyəçi Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun "siyasi səlib yürüşü"nün qurbanı olduğunu iddia edib. Onun bildirdiyinə görə, bu "yürüşü" Avropanın Rusiya ilə hər hansı formada yaxınlaşmasına qarşı çıxan Ukrayna, Ermənistan kimi ölkələr aparır.

Korrupsiya araşdırmasında ispaniyalı siyasətçi Agustin Kondenin, eləcə də Avstriya, Belçika, Britaniya, Polşa, Rumıniya və Azərbaycandan deputatların adları çəkilirdi.

Bu yaxınlarda İtaliyanın hüquq-mühafizə orqanları ölkənin AŞPA-da keçmiş təmsilçisi Luka Volonteyə qarşı araşdırmaya başlayıb. O, Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvündən 2 milyon avro almaqda ittiham olunub.

Həmin iki deputatdan biri – Elxan Süleymanov Avropa Şurasının son hesabatının heç bir fakta söykənmədiyini bildirmişdi.

Hakimiyyət nümayəndələri isə bu olayları təkizb edir və bunun şantaj xarakterli olduğunu bildirir.

XS
SM
MD
LG