Accessibility links

Əli Həsənov: Bəzi soydaşlarımız anti-Azərbaycan dairələrin əlində alətə çevrilib


Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrə münasibət bildirib.

Əli Həsənov Facebook səhifəsində “Helsinki Komissiyasındakı dinləmələrlə bağlı bəzi mülahizələr” başlığı ilə paylaşdığı yazıda qeyd edib ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi irəli sürüb.

“Həmin layihənin müddəaları istər iqtisadi, istər siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə korlamağa yönəlmişdi. Bu həmin Smitdir ki, uzun müddətdir, qondarma erməni soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli olan Komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib”, Həsənov əlavə edib.

Prezidentin köməkçisinin fikrincə, budəfəki dinləmələrin də məhz onun rəhbəri olduğu Komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz.

“Tədbirdə ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı, müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan “ekspertlər” də iştirak edib. Dinləmələrdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış təsəvvürə malik olduqlarını göstərdi. Xarici qrant və ianələr hesabına Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə məqalə yerləşdirən bir “soydaşımız” yenə də sanksiya məsələsini gündəmə gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və Avropa İttifaqının növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı”.

Əli Həsənovun sözlərinə görə, qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə dəvət edilib.

“Nə danışdığının fərqində olmayan bu “iaşə lideri” Qərb ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir, Avropa Birliyi, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik etmələrini az qala faciə sayır. Təəssüf hissi ilə bildirirəm ki, xaricdə məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır", Həsənov Facebook səhifəsində qeyd edib.

Mayın 9-da ABŞ Helsinki Komitəsi Konqresdə Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda brifinq keçirilib. Brifinq zamanı tanınmış tarixçi, professor Odri Alştadt, “Meydan” TV-nin direktoru Emin Milli, Freedom Now-nun icraçı direktoru Maran Turner çıxış edib.

Dinləməyə moderatorluq edən Helsinki Komitəsinin siyasi müşaviri Everet Prays deyib ki, Azərbaycan hakimiyyəti indiki rejimin 2025-ci ilə qədər saxlanmasını legitimləşdirmək üçün konstitusiyaya dəyişikliklər edib.

Brifinqdə bildirilib ki, bu ilin aprelində keçirilən prezident seçkilərindəki beynəlxalq müşahidəçilər “ölkənin siyasi mühitinin, həmçinin əsas hüquq və azadlıqların məhdudlaşdırıldığını” qeyd ediblər.

Onların sözlərinə görə, seçkilər ərəfəsində hakimiyyət bəzi müstəqil xəbər saytlarını bloklayıb, müstəqil jurnalistləri həbs edib.

2017-ci ilin dekabrında Avropa məhkəməsi 2013-cü ildən həbsdə olan müxalifətçi İlqar Məmmədovun həbsinin qanunsuz olması barədə qərar çıxarıb. Ancaq hakimiyyət buna məhəl qoymayıb.

XS
SM
MD
LG