Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Onun bildirdiyinə görə, görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.
Nazir Elmar Məmmədyarovun Azərbaycanın münaqişənin tezliklə həll edilməsindən ötrü intensiv danışıqlara hazır olduğunu bir daha ifadə etdiyi bildirilir.
Görüş əsnasında danışıqlar prosesinin irəliləməsi məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin həyata keçirəcəyi tədbirlər, həmçinin regiondakı vəziyyətin də ətraflı müzakirə olunduğu qeyd edilir.
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-də Parisə səfər edib.
Bu il Azərbaycanda və Ermənistanda prezident seçkisi keçirilib. Ermənistanda prezident seçkisi martın 2-də, Azərbaycanda isə aprelin 11-də keçirilib.
Seçkilər ərəfəsində sülh danışıqları ilə bağlı tənzimlənmə prosesinə müvəqqəti ara verildiyi açıqlanmışdı.
Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonu Ermənistanın nəzarətinə keçib.
Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.