“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə sayılı günlər qalsa da, dünya birliyinin Azərbacan hakimiyyətindən demokratik islahatlar tələbi daha israrla səsləndirilsə də, hakimiyyətin korrupsiya əməlləri dünya miqyasında ardıcıl ifşa olunsa da, Avropa Şurası artıq Azərbaycan təmsilçiləri və hakimiyyətin rüşvət verdiyi avropalı deputatlar barədə sanskiya tədbirləri görsə də, ölkə əhalisi hakimiyyətdən davamlı şəkildə demokratik islahatlar, insan haqlarının müdafiəsi və siyasi məhbusların azadlığını tələb etsə də, hakimiyyət öz ənənəsinə sadiqdir və daha çox ifşa olunub təzyiqə məruz qaldıqca, çarəni repressiyaları gücləndirməkdə görür.
Bu barədə Milli Şuranın AXCP-yə qarşı təzyiqlərlə bağlı bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, hakimiyyət, əvvəllər olduğu kimi, bu dəfə də əsas hədəf olaraq AXCP-ni seçib.
Milli Şura bəyanatında bir neçə gün qabaq AXCP-nin iki funksioneri - gənclərdən Orxan Baxışlı və veteranlardan Mirfeyzulla Seyidov, Məhərrəm Cəliloğluna qarşı qaldırılan cinayət işini absurd kimi qiymətləndirib.
“Hazırda sayı artmaqda olan cəbhəçi siyasi məhbuslardan ikisinin həyatı ilə bağlı vəziyyət çox həyəcanvericidir. İl yarım qabaq mitinqlərin təşkilatçısı kimi həbs edilmiş Elnur Fərəcovun xərçəng xəstəsi olduğunu Penisentiar Xidmət nəhayət etiraf edib. Onun xəstəliyi uzun zaman danılırdı, amma artıq irəliləmiş mərhələdə olduğu üçün Penitensiar Xidmətin Səhiyyə İdarəsi onun xərçəng xəstəsi olduğunu etiraf edib. Mirfeyzulla Seyidov isə böyrəkləri çalışmadığı üçün həftədə 3 dəfə dealiz aparatından keçmədən yaşamaq imkanında deyil. Hər iki cəbhəçi məhbusun həyatı real təhlükə qarşısındadır" - deyə, bəyanatda bildirilib.
Bəyanatda eyni zamanda bu günlərdə Elçibəy hakimiyyəti zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun və onun qohumların həbsindən narahatlıq yer alıb.
“AXCP artıq neçə ildir ki, ölkədə avtoritar rejimin qarşısında əsas sədd olaraq qalıb. Son illərdə ölkədə hakimiyyət əleyhinə keçirilən mitinqlərin əsas hərəkətverici qüvvəsi məhz Xalq Cəbhəsidir. AXCP ölkədə ən çox məhbusu olan təşkilat olmaqla yanaşı, həm də ən güclü struktura malik təşkilat kimi də xarakterizə olunur. Bütün bu repressiyalar da məqsədyönlü şəkildə AXCP-ni və onun sədri Əli Kərimlini nüfuzdan salmaq, təcrid etmək, ona qarşı təxribatları gücləndirmək məqsədilə həyata keçirilir” bəyanatda vurğulanıb.
Milli Şura bu baxımdan AXCP-yə qarşı təzyiqlərin dayandırılmasını tələb edərək, həbs olunan cəbhəçilərin təcili azadlığa buraxılmasına çağırır.