Accessibility links

Hərbi prokuror Gəncədəki sui-qəsdi "qanlı terror" adlandırıb


Hərbi prokuror Xanlar Vəliyev Gəncə hadisələrini "qanlı terror hadisələri" adlandırıb.

O, iyulun 26-da Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsindəkı çıxışında bu hadisələri radikal müxalifət və dini-ekstremist təşkilatlarla xarici dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyini bildirib.

"Radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə, ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib. Şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər", - hərbi prokuror bildirib.

O, Gəncə olayları ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

Hərbi prokuror cinayətkarlıqla mübarizə haqda da məlumat verib. Deyib ki, son yarım ildə qeydə alınmış cinayətlərin 99.3 faizi açılıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında ağır cinayətlər 3.6, xüsusilə ağır cinayətlər 14.3, qeyri-hərbi cinayətlər 19, fərarilik cinayətlərində isə 50 faiz azalıb.

Hərbi prokurorun sözlərinə görə, 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq halları üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

İyulun 3-də hərbi prokurorun qardaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

XS
SM
MD
LG