Accessibility links

4 vəkilin fəaliyyəti dayandırılıb


4 vəkilin fəaliyyəti dayandırıldı
4 vəkilin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin adlarını açıqlamayıb

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti daha 4 vəkilin fəaliyyətini dayandırıb.

Bu barədə Vəkillər Kollegiyasının sentyabrın 7-də yaydığı məlumatda bildirilir.

Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin sentyabrın 6-da keçirilmiş iclasında qəbul edilib.

Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 24 intizam icraatına baxdığı bildirilir. Yekunda vəkil etikası normalarını pozduğuna görə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulduğu, nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verildiyi bildirilir.

Bundan əlavə kollegiyanın 4 vəkilin fəaliyyətinin dayandırılmasına qərar verdiyi qeyd edilir.

VK-nin məlumatına görə, onlar müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə cəzalandırılıblar.

Vəkillər Kollegiyası cəzalandırılan vəkillərin adlarını açıqlamayıb.

Vəkillər Kollegiyasında son 7 ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var. Y.İmanov istisna olmaqla, digərlərinə birillik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırılıb. Ən son, vəkil Fuad Ağayevə töhmət verilib.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

XS
SM
MD
LG