Accessibility links

Qardaşı Murad Ədilovun cərimə kamerasına salındığını deyir


Murad Ədilov (Foto Ülvi Həsənlinindir)
Murad Ədilov (Foto Ülvi Həsənlinindir)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Ədilovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlamasından sonra onun cərimə kamerasına salındığı bildirilir.

Bu barədə onun qardaşı Natiq Ədilov Facebook səhifəsində yazıb.

Natiq Ədilov bildirir ki, Murad heç bir cinayət törətmədiyi halda beşinci ildir həbsdə saxlanmasına etiraz olaraq sentyabrın 7-dən aclıq edir. Sentyabrın 10-da axşam saatlarında onun ailə üzvlərinə xəbər gəlib ki, Murad Ədilovun vəziyyəti ağırdır və o, vəkilinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının təcili şəkildə ona baş çəkməsini istəyir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, Murad Ədilov aclıq etmir:

"Bizim əməkdaşlar onunla söhbət aparıb və Murad Ədilov aclıq etmək fikrindən daşınıb".

Murad Ədilovun cəzaçəkmə müəssisəsində cərimə kamerasına salınmasına gəlincə, Penitensiar Xidmətin rəsmisi deyir ki, məhkumların yerdəyişməsi barədə məlumatlar açıqlanmır.

"O ki qaldı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə görüşməyə, bu qurumun nümayəndələri mütəmadi Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə baş çəkir. Bu məsələdə heç bir problem yoxdur", o qeyd edib.

Murad Ədilov 2014-cü il avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.

Qardaşı Natiq Ədilov "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Murad Ədilovu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG