Accessibility links

Elçin Sadıqov: “Prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır”


Elçin Sadıqov və Mehman Hüseynov
Elçin Sadıqov və Mehman Hüseynov

“Mənə qarşı prokuorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır. Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir”.

Bu barədə vəkil Elçin Sadıqov sentyabrın 17-də Baş Prokurorun müavini Rüstəm Usubovun barəsində Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı kollegiyada olduqdan sonra Amerikanın Səsinə bildirib.

O həmçinin şikayətlə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırovla və Vəkillərin İntizam Komissiyasının üzvü ilə görüşüb.

“Bu günkü görüşdə barəmdəki yeni intizam icraatı barədə söhbət etdik. İcraatın materialları hamıya bəlli olan qərarın mətnindən ibarətdir. Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı barədə qərar verərkən obyektivlik və ədalətlilik nümayiş etdirəcək, vəkilliyin nüfuzuna qarşı olan bu şikayət üzrə intizam icraatına xitam verəcək”, o qeyd edib.

Vəkil deyib ki, 10 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğuldur.

“Vəkil fəaliyyətimdə həmişə qanunun aliliyini, vicdanlılığı, dürüstlüyü, ədalətliliyi, dönməzliyi, peşəkarlığı rəhbər tutmuşam. Şərəfli vəkil peşəsinin inkişafı üçün çalışmışam və fəaliyyətimdə vəkil adını yüksək tutmuşam. Hesab edirəm ki, fəaliyyətimlə həm də vəkillik peşəsinə hörmət qazandırmışam”, Sadıqov qeyd edib.

O bildirib ki, indiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyətindən özünə qarşı hər-hansı qərəz müşahidə etməyib.

“Kollegiyanın Rəyasət Heyətinin üzvləri ilə daim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yada salım ki, 2018-ci ildə barəmdə iki intizam icraatı olub. Hər iki işdə şikayətçi qarşı tərəf olub. Həmin şikayətlərdə iddia olunurdu ki, guya, mən onlara qarşı kobud davranmışam, vəkil etikasını pozmuşam. Məhkəmə iclas protokolları ilə təsdiq edilmədiyindən, Vəkillər Kollegiyası həmin şikayətlər üzrə açılmış intizam icraatlarına xitam vermişdi”, o qeyd edib.

Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun vəkilidir. Sentyabrın 11-də Yunis Səfərovun anası Leylaxanım İsmayılova müraciət yayaraq, oğlu ilə vəkilinin görüşünün dinlənildiyini, vəkilin təhdid olunduğunu bildirib.

Sentyabrın 5-də Baş Prokurorluq Elçin Sadıqovun Səfərovun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul edib və Sadıqov barədə intizam tədbiri görülməsi üçün Vəkillər Kollegiyasına müraciət edib.

Baş Prokurorluğun qərarının sosial şəbəkələrdə foto-surəti yayılıb. Foto-surətdə vəkilin müdafiə etdiyi şəxslə konfedensiallığı qanunla qorunan söhbətlərindən misallar çəkilir. Bununla yanaşı, yayılmış foto-surətin həqiqi olub-olmaması barədə prokurorluq hələ şərh verməyib.

“5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci ildə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfedensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb”, Səfərovun anası Leylaxanım İsmayılova ictimaiyyətə müraciətində qeyd edib.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdin törədilməsində şübhəli bilinən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra da sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Baş prokurorluq hər iki hadisə ilə bağlı 60-dan çox insanın həbs edildiyini açıqlayıb. Habelə, rəsmi məlumatlarda silahlı müqavimət göstərdiyi bildirilən 6 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürüldüyü bildirilib.

Prokurorluq orqanları, eləcə də başqa dövlət qurumları son dövrlər vəkillərdən kollegiyaya çoxsaylı şikayət edib. Bu şikayətlər adətən vəkillərin fəaliyyətinə xitam verilməsi və ya fəaliyyətlətinin müvəqqəti dayandırılması ilə nəticələnir.

Vəkillər Kollegiyası son 7-8 ayda bir sıra vəkillərin fəaliyyətini şikayətlər əsasında dayandırıb. Onların sırasında ictimai, siyasi və dindar fəal kimi tanınan şəxslərin müdafiəsini həyata keçirən vəkillər Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Yalçın İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə bir illik məhdudiyyət tətbiq olunub. Bu yaxınlarda isə vəkillər İradə Cavadova və Fuad Ağayev cəzalandırılıb.

Öz növbəsində Vəkillər Kollegiyası vəkillərin cəzalandırılmasının səbəbi kimi onların qanunvericiliyin normalarını pozmasını göstərir.

XS
SM
MD
LG