Accessibility links

Rəsmi saytlara giriş çətinləşib


Saytların bloklanması
Saytların bloklanması

Sentyabrın 25-də günortadan sonra Azərbaycanda dövlət qurumlarının internet saytlarının fəaliyyətində problem yaranıb. gov.az domenində olan rəsmi saytlara giriş bir saatadək çətinləşib.

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarının Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə məxsus serverdə yerləşdiyi və oradan idarə olunduğu bildirilir.

Hələlik adı çəkilən qurumdan və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən problemin səbəbləri barədə məlumat almaq mümkün olmayıb.

Ekspertlər hesab edir ki, problem, əsasən, üç səbəbdən baş verə bilər. Onların fikrincə, bunlardan birincisi öncədən müəyyən edilmiş profilaktika tədbirləri və ya texniki nasazlıq ola bilər.

Eyni zamanda, infrastruktur səviyyəsində geniş xarici müdaxilə və texniki heyət tərəfindən sındırılma da istisna edilmir.

gov.az domenindəki rəsmi saytlara girişdə 2 il əvvəl də problem yaranmışdı.

2016-cı il fevralın 22-də səhər saatlarından dövlət resurslarının cəmləşdiyi gov.az-a daxil olmaq mümkün olmamışdı. Yalnız fevralın 22-si günün ikinci yarısında problem aradan qaldırılmışdı.

Həmin vaxt Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi problemi texniki yeniləmə ilə izah etmişdi.

Daha sonra 2012-ci ildə yanvarın 16-da günorta saatlarında 10-a yaxın dövlət və xəbər agentliklərinin saytları haker hücumuna məruz qalıb. Bunlar arasında prezident.az da daxil olmaqla, Yeni Azərbaycan Partiyasının, Daxili İşlər və Rabitə Nazirliklərinin, Konstitusiya Məhkəməsinin, Bakı şəhər İcra Hakimiyyətinin və digər dövlət orqanının, həmçinin müstəqil Trend İnformasiya agentliyinin saytı var idi.

Hucuma məruz qalan saytları açanda, orada sayt əvəzinə Azərbaycan dövlətinin ünvanına ittiham və təhqiramiz sözlər yazılmış şəkillər görmək olardı.

Hücuma məruz qalan saytlar gün ərzində fəaliyyətilərini bərpa ediblər.

Haker hücumları “Azerian Cyber Army” adlı haker qrupu imzası ilə həyata keçirilirdi.

XS
SM
MD
LG