Accessibility links

Oqtay Gülalıyev: "Beynəlxalq birliyin təzyiqləri siyasi məhbusların azad edilməsindək artmalıdır"


Oqtay Gülalıyev: Beynəlxalq təşkilatlar hakimiyyətin yürütdüyü represiv siyasətə tələbləri artmalıdı
please wait

No media source currently available

0:00 0:05:01 0:00

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Amerikanın Səsinə müsahibəsi

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində son günlər ölkədə siyasi fəallara qarşı təzyiqlərin səbəblərindən danışıb.

Amerikanın Səsi: Son günlər baş verən həbslərə münasibətiniz necədir? Sizcə Milli Şura və AXCP-yə bu münasibətin səbəbləri nədir?

Oqtay Gülalıyev: Son günlər Milli Şura və AXCP-nin fəallarına qarşı geniş repressiyalar həyata keçirildi. Başda Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli olmaqla, 52 nəfər həbs olunaraq Səbail Rayon Polis İdarəsinə aparıldı. Təbii ki, baş verənlərə münasibətimiz çox mənfidir. Artıq məsələ o həddə çatıb ki, hakimiyyət əlamətdar bir gündə - Milli Dirçəliş günündə insanların şəhidlərimizi ziyarət etməsinə belə imkan vermir və bunu başqa formada təqdim eləyib dinc və günahsız insanlara qarşı repressiv siyasət həyata keçirir. Biz bu həbsləri pisləyirik. Düzdür, həbs olunan şəxslər azadlığa buraxılıb. Baxmayaraq ki, onların bəziləri 20 sutka həbs cəzasına məruz qalıb. Hesab edirəm ki, bu qərarın özü qanunsuzdur. Həmin şəxslərin üzərindən cərimələr və inzibati həbslər götürülməlidir. Eyni zamanda hakimiyyət qanunsuz həbslərə rəvac verən şəxslər haqqında ciddi ölçü götürməlidir.

Amerikanın Səsi : Bəs hüquq müdafiəçilərinin siyasi hesab etdiyi həbslərin azalmamasının və ya aradan qaldırılmamasının səbəbləri nədir?

Həbslərin əsas səbəbləri avtoritarizmin mövcudluğu ilə bağlıdır.

Oqtay Gülalıyev: Mənə elə gəlir ki, bunun əsas səbəbləri ölkədə avtoritarizmin mövcudluğu ilə bağlıdır. Azərbaycan hakimiyyətinin sərt, inzibati siyasətilə bağlıdır. Təbii ki, birinci əsas səbəb budur. Digər səbəb, mən düşünürəm ki, ölkə daxilində və beynəlxalq aləmdə Azərbayan hakimiyyətinin yürütdüyü avtoritar siyasətə qarşı adekvat münasibətin hələ də ortada olmamasıdır. Bu münasibət olarsa düşünürəm ki, Azərbaycan hakimiyyəti öz davranışlarında müəyyən korrektələr edə bilər.

Amerikanın Səsi: Siyasi hesab edilən həbslərlə bağlı bundan sonra durum necə olacaq? Bu tipli həbslər artacaq, yoxsa azalacaq? Proqnozunuz necədir?

Oqtay Gülalıyev: Həm Əli Kərimlinin həbsi, eyni zamanda Cəmil Həsənli və digərlərinə qarşı həyata keçirilənlər hakimiyyət tərəfindən bir növ "nəbz yoxlaması" kimi qəbul oluna bilər. Yəni hakimiyyət cəmiyyətin nəbzini yoxlamaq istəyir. Görsün ki, Azərbaycan xalqı apardığı repressiv siyasətə münasibət göstərir? Təbii ki, son günlər siz gördünüz ki, Milli Şuranın təşəbbüsü ilə "Əli Kərimlini azad et!" kampaniyası başlandı. Mən düşünürəm ki, Əli bəyin azadlığa çıxması da məhz yerli və beynəlxalq bir dəstəyin fonunda həyata keçirildi .Hakimiyyət geri çəkildi. Amma bu geri çəkilmələrin hara qədər olacağını biz dəqiq proqnozlaşdıra bilmirik. Çünki Azərbaycan hakimiyyəti qanunlara söykənən bir fəaliyyət göstərmədiyindən sabah hansı proseslərin baş verəcəyini indidən proqnozlaşdıra bilmirik. O baxımından mən düşünürəm ki , Azərbaycan xalqı daha aktiv olmalıdır. Daha çox təşkilatlanmalıdır. Eyni zamanda beynəlxalq təşkilatların münasibəti Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə adekvat olmalıdır.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyətin münasibəti qənaətedicidirmi? Avropa Şurası Parlament Assambleyası Azərbaycan üzrə yenidən siyasi məhbuslarla bağlı məruzəçi təyin edib. Məruzəçinin fəaliyyətini yetərli hesab edirsinizmi?

Azərbaycan hakimiyyətindən repressiv siyasətini durdurması tələb edilməlidir.

Oqtay Gülalıyev: Bu suala birmənalı cavab vermək çətindir. Çünki bilirsiniz ki, Avropa qurumları, başda Avropa parlamenti olmaqla, eləcə də ABŞ dövlət departamenti, AŞPA olmaqla zaman-zaman Azərbaycanda həyata keçirilən qanunsuz həbslərə öz kəskin etirazını bildirib, bununla bağlı qərarlar və qətnamələr qəbul eləyib və Azərbaycan hakimiyyətindən tələb edib ki, bu repressiv siyasətini durdursun, həbsdə olan siyasi məhbusları azad etsin. Amma çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti hələ də bu inadından əl çəkmir. Bu günlər ölkə həbsxanalarında 150 dən çox siyasi məhbus var. Mən birmənalı şəkildə bunu deməyə çətinlik çəkirəm ki, bu siyasət yetərlidir və ya yetərli deyil. Söhbət beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə münasibətindən gedir. Amma mən düşünürəm ki, beynəlxalq təşkilatların, birliklərin Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasətə tələbləri artmalıdır. Bu tələblər ora qədər artmalıdır ki, hökumət öz fəaliyyətində dəyişikliklər eləsin, insan haqlarının tapdanmasına son qoyulsun. Eyni zamanda həbsdə olan bütün siyasi məhbuslar qeyri-şərtsiz azadlığa buraxılsın.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG