Dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlının şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqovun təqdim etdiyi şikayətdə qeyd olunub ki, O.Baxışlı öz siyasi fəaliyyətinə, əsasən AXCP üzvü olduğuna və etiraz aksiyalarında iştirakına görə həbs olunub. Onun bundan öncə də inzibati həbsə məruz qalmasına diqqət çəkilib.
Vəkil Baxışlının işində prosessual normaların pozulduğunu göstərib. Belə ki, işdə fəal saxlandıqdan sonra onun hüquqlarının açıqlanmasına sübut yoxdur. Bundan əlavə, iş materialları və birinci instansiya məhkəməsində şahid ifadələri uzlaşmır.
İş üzrə qeyd olunur ki, Baxışlının yaşadığı yer guya onda narkotik maddənin olmasına dair operativ informasiyada göstərilir.
Ancaq məhkəmədə şahidlər deyiblər ki, onun yaşadığı yer polisdə müəyyən edilib.
Vəkil E.Sadıqov qeyd edib ki, Ali Məhkəmənin plenumunun qərarına əsasən narkotik maddələrlə əlaqədar işlərdə həmin maddələrin istifadə üçün yararlı olub-olmadığının müəyyən edilməsi vacib sayılır. Lakin birinci məhkəmə instansiyası ekspertiza təyin etməyib.
O.Baxışlı bildirib ki, “xeyir və şərin mübarizəsi” gedir və digər siyasi məhbusların işlərində olduğu kimi, burada da məhkəmənin qərarı onun xeyrınə olmayacaq.
O.Baxışlının fikrincə, onun işinin siyasi xarakterli olduğuna əmin olmaq üçün həbsindən bir neçə gün öncə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündəki çıxışının videoyazısına baxmaq yetər. O bu cinayətə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub.
“Narkotik maddə ittihamını qəbul etmirəm, əgər məni siyasi fəaliyyətimə görə mühakimə etsəydilər ölümə belə hazıram”, - o vurğulayıb.
Hakim şikayəti təmin etməyib.
Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Orxan Baxışlı mayın 6-da saxlanılıb, polis onun üzərində 6 qram heroin aşkar edildiyini bildirib. Fəal ittihamları təkzib edib, narkotikin onun üzərinə saxlanıldığı zaman qoyulduğunu bildirib. Sentyabrın 18-də məhkəmə fəalı 6 il müddətinə azadlıqdan məhrum edib.
Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun qəbri başında Orxan Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Orxan Baxışlını siyasi məhbus kimi tanıyıb.