Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin Bakıda mitinq keçirməsini məqsədəuyğun saymayıb.
Bu barədə komitənin məlumatında bildirilir.
Komitə noyabrın sonunda dekabrın 15-də Bakıda "Qarabağa azadlıq!" şüari ilə mitinq keçirməyə qərar vermişdi. Mitinqlə bağlı BŞİH-ə xəbərdarlıq məktubu da göndərilmişdi.
BŞİH dekabrın 10-da həmin məktuba cavab verib.
Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun göndərdiyi cavab məktubunda yazılır ki, komitənin müraciəti araşdırılıb:
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar möhtərəm prezidentimiz cənab İlham Əliyev ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır. Eyni zamanda qeyd edirik ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, keçirilən bütün tədbirlərdə bu məsələlər kütləvi informasiya vasitələri ilə işıqlandırılır. Qeyd olunanaları nəzərə alaraq, 15 dekabr 2018-ci ildə planlaşdırdığınız mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik”.
Qarabağ Komitəsi cavabın müzakirə olunacağını, onunla bağlı yekun qərar verəcəklərini qeyd edir.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.