Accessibility links

Kemal Oksuz yalan danışdığını etiraf edib


Amerikalı biznesmen beş il öncə konqresmenlərin Bakıya səfəri haqda Konqres təhqiqatçılarına yalan danışdığını boynuna alıb.

Bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Kemal Oksuz dekabrın 10-da müqəssir olduğunu etiraf edib.

ABŞ-ın Hyuston ştatında mənzillənən biznesmen Oksuza ABŞ böyük jürisi ittiham irəli sürüb. O, 2013-cü ildə Konqresin 10 üzvünün və 32 əməkdaşının Azərbaycana bütün xərcləri ödənilən səfər etməsi barədə bəyannamə anketlərində yalan danışmaqda günahlandırılıb.

Sentyabrda açıqlanmış beş maddəlik ittihamnaməyə görə, səfəri Azərbaycanın SOCAR dövlət neft şirkəti maliyyələşdirib və bu işə 750 min dollar xərcləyib.

Oksuz avqustda Ermənistanda saxlanılıb. Ermənistan hakimiyyəti onun dindirilmə videosunu yayıb.

O, videoda deyir ki, SOCAR 2013-cü ildə ABŞ konqresmenlərinin səfər xərclərini ödəyib və onlara bahalı hədiyyələr verib.

K.Oksuzun barəsində hökm 2019-cu il fevralın 11-də ABŞ-ın Kolumbiya dairəsində çıxarılacaq.

Azərbaycan tərəfi isə bununla bağlı rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, söhbət 2013-cü ildə amerikalı 10 konqresmenin və Amerikanın müxtəlif ştatlarından olan nümayəndələrin Azərbaycana səfərindən gedir. Bu məqsədlə SOCAR 2,2 mln. dollar ayırıb, istintaq bildirib.

2015-ci il mayın 13-də "Washington Post" qəzeti bu səfərin maliyyə mənbələrinin şübhəli olması haqda məqalə dərc etdikdən sonra bu iş ətrafında qalmaqal yaranıb.

XS
SM
MD
LG