Accessibility links

Gəncədə Şah Abbas məscidinin həyətində dindarlarla polis arasında qarşıdurma olduğu deyilir [Video]


Oktyabrın 23-də səhər saatlarında Gəncədəki Şah Abbas məscidinin həyətində dindarlarla polis arasında qarşıdurma olub.

Bu haqda AzadlıqRadiosuna adının çəkilməsini istəməyən hadisə şahidlərindən biri məlumat verib:

«Saat 10-11 arası olardı. Bu gün cümə olduğundan camaat da çox idi. Haradasa 100 nəfər adam vardı. Hamı bilir ki, hər il Gəncədə Aşura günü ilə bağlı dindarların yürüşü olur. Bir də gördük polis tökülüb gəldi, əllərində dəyənək. Camaatdan dağılışmağı tələb etdilər. Dindarlar etiraz edəndə, camaatı vurub dağıtmağa başladılar. Daxili Qoşunlardan da çox polis vardı. Deyirdilər ki, «siz yürüş keçirmək istəyirsiniz». Böyük zorakılıq oldu, 26 nəfəri tutub apardılar. Azan verməyə də qoymadılar».

Hadisə şahidinin dediyinə görə, indi məscidin ətrafında çoxlu polis var. Məscidin qapısı bağlanıb.

Oktyabrın 24-də Azərbaycanda Aşura mərasimləri keçiriləcək.

Öz növbəsində Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd edib.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, aksiyaya cəhdin qarşısı alınıb.

İdarədən bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə nəfər saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişi qoruyurlar.

XS
SM
MD
LG