Accessibility links

İşçi qrupu: 147 siyasi məhbus var


Aprelin 10-da Vahid Siyasi Məhbus üzrə İşçi Qrup yenilənmiş siyahı təqdim edib.

Qrupun məlumatına görə, cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan siyasi məhbusların sayı 147 nəfərdir. Onların 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və bloger, 3-ü ömürlük həbs olunma cəzasına məhkum olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisidir.

Həbslərinin siyasi motivli olması barədə ehtimallara baxmayaraq, əlavə məlumatlara və araşdırmalara ehtiyac olduğu üçün İşçi Qrupu 6 məhbusun adını İşləri monitorinq altında olanlar bölməsinə daxil edib.

İşçi Qrupunun öncə siyasi məhbus kimi tanıdığı və ölkə prezidentinin mart ayında imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılmış 4 (siyasi fəal Elvin Abdullayev, bloger Əbdül Əbilov, jurnalist Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovlar), cəzaları bitdiyi üçün 3 (Prezident Qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, jurnalist Araz Quliyevlə birgə həbs edilən inanclı fəallar Nicat Əliyev və Namiq Kişiyev), səhhətinə görə məhkəmə qərarı ilə 1 (siyasi fəal Zeynalabdin Bağırzadə) məhbus olmaqla 8 nəfərin adı isə yenilənmiş siyahıdan çıxarılıb.

Qrup ölkədəki siyasi məhbusların sayının süni olaraq şişirdilməsi barədə irad və ittihamları qəbul etmir və vurğulayır ki, bütün hallarda şəxsin siyasi məhbus sayılması barədə qərar verərkən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində qeyd edilən meyarlara əsaslanır.

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bildirir. Hökumət rəsmilərinin fikrincə, insanlar yalnız əməllərinə görə məhkəmə qarşısına çıxarılır.

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan bir çox şəxslərin həbsdən azad edilməsi barədə qərarlar qəbul edib.

Amnesty İnternational təşkilatı ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG