Naxçıvanda məhkum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zeynal Bağırzadə martın 17-də vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə Amerikanın Səsinə onun qardaşı, AXCP regional təşkilatının rəhbəri Yaşar Bağırsoy bildirib.
Onun sözlərinə görə, Kəngərli Rayon Məhkəməsi Z.Bağırzadənin səhhətilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib.
Z.Bağırzadə 2015-ci il noyabrın 16-da hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə həbs edilib və 4 il azadlıqdan məhrum olunub. Sonradan bu müddətə başqa iş üzrə müddət də əlavə edilib və azadlıqdan məhrumetmə ilə bağlı ümumi müddət 8 ilə çatdırılıb.
Fevralın 21-də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
Z.Bağırzadə ittihamları rədd edərək öz həbsini siyasi motivli sayır. Belə ki, ona qarşı Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən təxribat törədilib.
Hüquq-müdafiə təşkilatları Z.Bağırzadəni “siyasi məhbus” kimi tanıyıb.