Accessibility links

Vəfa Məmmədova: Sualım var - Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib? [Video]


AŞPA-da müzakirə
AŞPA-da müzakirə

AŞPA-da "Azərbaycan: cəzasızlıq fonunda repressiyalar” mövzusunda paralel müzakirə keçirilib

Aprelin 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ilə paralel olaraq Avropa Şurasının qərargah-mənzilində “Azərbaycan: cəzasızlıq fonunda repressiyalar” mövzusunda müzakirələr aparılıb.

Paralel müzakirələr Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Article 19 və International media support beynəlxalq ifadə və mətbuat azadlığını müdafiə təşkilatlarının təşkilatçılığı, keçmiş AŞPA prezidenti Ann Brasserin və Assambleyanın sosialist qrupunun vitse-prezidenti İv Kruştenin iştirakı və dəstəyi ilə keçirilib.

RATİ-nin icraçı direktoru Emin Hüseynov, Meydan TV-nin rəhbəri Emin Milli və 4 ildən çoxdur həbs cəzası çəkən ReAl hərəkatının lideri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova məruzə ilə çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti və KİV-ləri yeni repressiyalar dalğası ilə üzləşiblər.

Onsuz da zəif olan demokratiya mühiti konstitusiyaya düzəlişlərin qəbul edilməsindən və Azərbaycan prezidentinin həyat yoldaşının vitse-prezident təyin olunmasından sonra daha da pisləşib. Bir sıra məhdudlaşdırıcı qanunlar qəbul edilib, rejimin onlarla tənqidçisi susdurulmaq məqsədilə həbsxanalara salınıb.

İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova qeyd edib ki, həyat yoldaşı Avropa Şurasının bütün qurumları – Avropa Məhkəməsi, AŞPA, Nazirlər Komitəsi tərəfindən siyasi məhbus kimi tanınsa da, o, artıq 4 il 3 aydır həbsdədir.

“Mənim buraya səfərimin məqsədi odur ki, Avropa demokratiyasının beşiyində bu məsələ ilə bağlı belə bir həmrəylik olduğu halda, həyat yoldaşımın niyə hələ də məhbəsdə olduğunu öyrənim”, Məmmədova bildirib.

O qeyd edib ki, həyat yoldaşı respublikaçıdır. “O, Azərbaycanda hakimiyyətin bir ailənin əlində cəmlənməsinə etiraz edən bir hərəkatın başına keçdi. Sonra onu həbsə atdılar. Bundan sonra ölkədəki qanunlar daha da monarxiyalaşdı”, Məmmədova sözünə davam edib.

“İlqarı həbs edənlər bu dörd il ərzində öz məqsədlərini aşkar göstərdilər. Parlament Assambleyası isə bu dörd il ərzində kollektiv ağıl, tədbir nümayiş etdirmək gücündə olmadı? Bunun niyəsini anlamaq istəyərdim. Bu dörd il ərzində bizim evimizə gəlib-gedən daha nə qədər insanın da başı bəlalar çəkdi. Rəsul Cəfərov ilyarım həbsdə yatdı. Natiq Cəfərli bir ay həbs cəzası aldı. Digər respublikaçı fəallar həftələrlə ev dustaqlığında qaldılar. Azər Qasımlının ölkədən çıxışı qadağan olunub. Evimizə qonaq gələnlərdən daha neçəsi ölkəni tərk etmək məcburiyyətində qaldı”, o qeyd edib.

Vəfa Məmmədova bildirib ki, İ.Məmmədovun vəkilləri də ziyan çəkib. Xalid Bağırov Vəkillər Kollegiyasından çıxarılıb, Fuad Ağayev cərimə olunub.

“Onlar çox cəsur insanlardır. Hakimiyyətin onlara olan qəzəbinə baxmayaraq, İlqarı həm cəmiyyətdə, həm də Avropa Məhkəməsində müdafiə etməkdə davam edirlər”, Məmmədova vurğulayıb.

O, Azərbaycanda siyasi məhbuslar problemini, o cümlədən İlqar Məmmədov haqqında məsələni Avropa Şurasında yumşaltmaları ilə əlaqədar bəzi AŞPAüzvlərini qeyri-səmimilikdə ittiham edib. Bununla belə, Məmədova AŞ Baş Katibi Torbyern Yaqlandın Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrası üçün şəxsən səy göstərməsini minnətdarlıqla qeyd edib.

“Biz İlqarla 16 il əvvəl evlənmişik. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin də yaşı elə bu qədərdir. Bu müddətin dörddə birindən çox bir vaxtı mənim həyatım həbsxanaya gedib-gəlməklə keçir. Mən özümə “sən niyə siyasətçi ilə ailə qurdun?” sualını vermirəm. Amma mənim Parlament Assambleyasına sualım var: Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?”, deyən Məmmədova dinləmə iştirakçılarına diqqətlərinə görə minnətdarlıq edərək, çıxışını yekunlaşdırıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşlarla əlaqədar 7 il müddətinə həbs edilib. 2014-cü ildə AİHM onun həbsinin qanunsuz və siyasi motivli olduğunu etiraf edib və onun azad edilməsini tələb edib. 2007-ci ildən həbsinə qədər Məmmədov Avropa Şurasının Bakıda Siyasi Biliklər Proqramına rəhbərlik edirdi.

XS
SM
MD
LG