Accessibility links

Qənimət Zahid ona qarşı sui-qəsd hazırlandığını bildirib


"Azadlıq" qəzetinin redaktoru və "Azərbaycan saatı" teleproqramının təsisçisi, Fransada mühacirətdə yaşayan Qənimət Zahid Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ona qarşı sui-qəsdin hazırlandığını bildirib.

O, Facebook səhifəsində yerləşdirdiyi müraciətdə qeyd edib ki, dövlət başçısı Dövlət Təhlükəsizlik Xidmətinə onu öldürmək barədə göstəriş verib.

Bu informasiyanın mənbəyini açıqlamayan Q.Zahid bildirir ki, əmrə əsasən qətl təbii ölümə bənzər şəkildə olmalıdır.

"Mənə qarşı terror planı var" kimi açıqlamanı yaymaqdan xoşum gəlmir, amma bunu yalnız planlaşdırılan terroru ifşa etmək üçün bəyan edirəm", o yazıb.

"Bizim gördüyümüz işlər bir nəfərin varlığı üzərində deyil, biz olmayanda bu işləri davam edəcək başqaları var", jurnalist vurğulayıb.

Qənimət Zahid 90-cı illərin ortalarından "Azadlıq" qəzetinin redaktorudur.

Bir neçə il öncə həbs edilib və iki il həbsdə qalıb.

Azadlığa çıxdıqdan sonra həyatına və ailə üzvlərinin həyatına təzyiqlər olduğunu bildirib, Avropaya mühacirət edib.

4 il öncə "Azərbaycan saatı" teleproqramını təsis edib. Veriliş peyk vasitəsilə və İnternetdə yayımlanır.

Onun rəhbərlik etdiyi media qurumları iqtidarın sərt tənqidçiləridir. “Azadlıq” qəzetinin, “Azərbaycan saatı”nın və Turan TV-nin internet saytlarına girişə blok qoyulub.

Öz növbəsində, Dövlət Təhlükəsizlik Xidmətindən Qənimət Zahidin yazdıqlarına münasibət öyrənmək hələ mümkün olmayıb.

XS
SM
MD
LG